bazar 18 may 2025 - 05:04
İslam İnqilabının Ali Rəhbəri: Amerika gücdən Qəzza uşaqlarını qətlə yetirmək üçün istifadə edir.

Hövzə/ İslam İnqilabının Ali Rəhbəri buyurdu: Amerika rəsmiləri və Amerikaya tabe olan ölkələr Qəzzada qətliam törətmək, bacardıqları hər yerdə müharibə alovlandırmaq və öz muzdurlarını dəstəkləmək üçün gücdən istifadə ediblər.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, bu gün səhər İslam İnqilabının Ali Rəhbəri minlərlə müəllim və təhsil işçisi ilə görüşündə, müəllim obrazının cəmiyyətin düşüncəsində cazibədar, canlı və sevilən şəkildə təqdim olunmasını vacib sayaraq, bunu məsul qurumların bədii və media yönümlü işi ilə mümkün hesab etdilər. O həzrət təhsil sahəsində bəzi vəzifələrin özəl sektora ötürülməsi ilə bağlı yanaşmaları düzgün hesab etməyərək vurğuladılar: Yeni təhsil strukturu elə şəkildə dizayn və islah olunmalıdır ki, nəticə olaraq alim, imanlı, vətənini sevən, çalışqan və gələcəyə ümidli bir nəslin tərbiyəsi mümkün olsun.

Həzrət Ayətullah Xamenei həmçinin ABŞ prezidentinin son açıqlamalarına toxunaraq, onun “güc yolu ilə sülh yaratmaq” iddiasını yalan adlandırdı və ABŞ-ın ərəb ölkələrinə daim asılılıq gətirəcək bir modeli zorla qəbul etdirməyə çalışdığını qeyd edərək əlavə etdi: Şübhəsiz, bu model iflasa uğrayıb və region xalqlarının səyi ilə həm Amerika bu bölgədən çıxacaq, həm də müharibə, fitnə və qarşıdurma mənbəyi olan sionist rejimin xərçəng şişinin kökü kəsiləcək.

O, bir daha vurğuladı: İslam Respublikası öz gücünü artıracaq və düşmənlərin gözləri qarşısında dəfələrlə daha böyük nailiyyətlər əldə edəcək.

Həzrət Ayətullah Xamenei çıxışının əvvəlində bu görüşün məqsədini müəllimlərə təşəkkür və onların uca mövqeyini ucaltdığını bildirdi. O, təhsil sahəsinə sərf olunan vəsaiti ölkənin gələcəyinə sərmayə yatırımı adlandıraraq əlavə etdi: Şükürlər olsun ki, hörmətli Prezident təhsil məsələlərinə xüsusi diqqət yetirir və hörmətli nazir də bu sahənin işinə bələd olan, seçilən rəhbərlərdən biridir. Ali Rəhbər yaxşı məqsəd və düşüncələrin reallaşmasının ciddi və davamlı izləmə ilə mümkün olduğunu bildirərək, çıxışının davamında müəllimlərlə bağlı bir neçə mühüm məsələyə toxundu.

İslam İnqilabının Ali Rəhbəri müəllimə hörmətin istər yaşayış şəraitinin yaxşılaşdırılması, istərsə də müəllimin cəmiyyətdə yaradıcı, gözəl, enerjili və sevilən bir obraz kimi təqdim olunması çox vacib bir məsuliyyət olduğunu bildirdi və əlavə etdi: Müəllimə hörmət və onun simasının cəmiyyətdə düzgün və müsbət formada əks olunması elə nəticə verməlidir ki, ictimaiyyət müəllimi cəzbedici, fəal, zəhmətkeş, qürurlu və başıuca bir şəxsiyyət kimi qəbul etsin və müəllimlik peşəsi gənclər arasında ən çox arzu olunan peşələrdən birinə çevrilsin.

O həzrət, müəllim obrazının bu şəkildə təqdim olunmasının media və bədii sahələrdə hekayə kitablarının yazılması, filmlər və animasiyaların hazırlanması kimi işlərə ehtiyac duyduğunu qeyd edərək dedi: Bu işlər təbliğatla məşğul olan qurumların, o cümlədən televiziya və radio (Səda və Sima), Mədəniyyət Nazirliyinin üzərinə düşür. Amma bu prosesi Təhsil Nazirliyi mütləq yaxından izləməli və istiqamətləndirməlidir.

İslam İnqilabının Ali Rəhbəri digər bir məsələyə toxunaraq, müəllimlərin tədris fəaliyyətinin əhəmiyyətini düzgün anlamağın zəruriliyini vurğuladı və əlavə etdi: Müəllim yalnız dərslik materialını öyrədən şəxs deyil, bəzən hətta valideynlərindən daha artıq dərəcədə onun əxlaqı, davranışı, sinifdəki iştirakı, dərs keçmə tərzi və şəxsi keyfiyyətləri təvazökarlıq və ya təkəbbür, pozitivlik və ya ruh düşkünlüyü birbaşa şagirdin şəxsiyyətinə təsir edir. Əgər müəllim bu anlayışla sinfə daxil olsa, sözünə və davranışına daha çox diqqət edəcək.

Həzərt Ayətullah Xamenei başqa bir mühüm məqama toxunaraq, müəllimlərin hazırlanması üzrə ixtisaslaşmış ali təhsil Müəssisələrinin, xüsusilə müəllimlər universitetinin (Danişgahi-Fərhəngiyan) əhəmiyyətini vurğuladı və bildirdi: Bu universitet Təhsil Nazirliyinə məxsusdur və onun başqa qurumlara birləşdirilməsi barədə bəzi fikirlər məqsədəuyğun deyil.

O, şəhid Rəisinin dövründə bu universitetə qəbul üçün müəyyənləşdirilmiş qaydalara toxunaraq dedi: Bu qaydaların zəifləməsinə imkan verməyin, çünki bu universitetin keyfiyyəti elə olmalıdır ki, ehtiyac duyulan səviyyəli müəllimlərin hazırlanması mümkün olsun.

İslam İnqilabının Ali Rəhbəri çıxışının başqa bir hissəsində isə təhsil sisteminə dair bir neçə mühüm məsələyə toxundu. 

Həzrət Ayətullah Xamenei çıxışında birinci məsələyə toxunaraq vurğuladı ki, Təhsil Nazirliyi dövlətə bağlı və dövlətin məsuliyyətində olan bir qurumdur. O, İslam hökumətinin vəzifəsinin şagirdlərin elmi, texniki, peşəkar və mənəvi səviyyəsinin yüksəldilməsi olduğunu bildirərək əlavə etdi: Bəzən bəzi dairələrdə, hətta nazirliyin daxilində belə, təhsil sisteminin bəzi hissələrinin özəlləşdirilməsi və nazirlikdən kənara ötürülməsi ilə bağlı səslənən fikirlər qətiyyən qəbulolunmazdır və bu cür yanaşma sanki bölgələrə parçalanmış idarəçilik yaratmaq deməkdir. O həzrət bəzi keçmiş yüksək vəzifəli şəxslərin, təhsilin yüksək maliyyətini bəhanə gətirərək bu işi həyata keçirməyə yönəlmiş təşəbbüslərinə qarşı qəti şəkildə çıxış etdiyini bildirərək dedi: Yeni nəslin intellektual və mədəni tərbiyəsi həm dövlətin vəzifəsi, həm də haqqıdır. Təhsil sistemi dövlətə məxsusdur və dövlət bu vəzifənin məsuliyyətini daşımaqla yanaşı, bu sahəyə vəsait xərcləməyi və onun inkişafına töhfə verməyi özünə fəxr bilməlidir.

Həzrət Ayətullah Xamenei, 6 yaşdan 18 yaşa qədər milyonlarla qız və oğlan uşağının təhsil sisteminə bağlı olduğunu, bu fürsətin misilsiz olduğunu qeyd edərək belə bir sual qoydu: Bu böyük nəsil düzgün tərbiyə olunmasa, Allah qarşısında və gələcək nəsillər qarşısında hansı cavabı verəcəyik? Bu baxışla, o, ikinci məsələyə, təhsil sisteminin strukturunun təkmilləşdirilməsi mövzusuna keçdi. O vurğuladı ki, təhsil strukturunun əsas hədəfi elmi, mədəni və mənəvi baxımdan kamil şagirdlər yetişdirmək olmalıdır və hazırkı strukturu bu istiqamətdə səmərəli hesab etmədi. Ayətullah Xamenei əlavə etdi: Dövlətin yeddinci inkişaf proqramı çərçivəsində əsas vəzifələrdən biri, təhsil sisteminin yeni təşkilat strukturunun dizayn edilməsidir və bu iş mütləq dəyişiklik yönümlü və mövcud ehtiyaclara cavab verəcək şəkildə həyata keçirilməlidir.

İslam İnqilabının Ali Rəhbəri, təhsil islahatı sənədinin təkmilləşdirilməsinin və onun yol xəritəsinin şəhid Rəisinin dövründə başlanan prosesinin  dayanmasının qarşısının alınmasının zəruriliyini vurğulayaraq dedi: Yeni strukturun hazırlanması işini bu sistemin içindən çıxmış, onu dərindən tanıyan, eyni zamanda dinə və ölkənin müstəqilliyinə sadiq şəxslər görməlidir. Yalnız bu təqdirdə elə bir struktur formalaşacaq ki, nəticədə elmli, imanlı, vətənsevər, zəhmətkeş və gələcəyə ümidlə baxan gənclər və yeniyetmələr yetişdirilə bilsin.

Həzrət Ayətullah Xamenei dərsliklərin əhəmiyyətinə və bu sahədə daha əvvəl etdiyi tövsiyələrə toxunaraq dərs vəsaitlərinə İslam alimlərinin adlarının daxil edilməsinin və ya casusluq yuvası sənədlərinin bəzi səhifələrinin kitablarda yer almasının vacib lakin kifayət olmadığını hesab edərək  bildirdi O əlavə etdi: Dərsliklər məzmun baxımından maraqlı və cəlbedici olmalıdır ki, mürəkkəb elmi mövzular sadə və şirin bir dillə şagirdlərə ötürülsün. Eyni zamanda bu kitablar zahiri forma və dizayn baxımından da estetik prinsiplərə uyğun hazırlanmalıdır. Halbuki, hazırda bu sahədə ciddi çatışmazlıqlar mövcuddur.

O, vurğuladı: Dərsliklərin hazırlanması ilə məşğul olan qurumlar və şəxslər dini və siyasi baxımdan imanlı olmalı, İslamın və inqilabın əsas prinsiplərinə və dəyərlərinə tam sadiq qalmalıdırlar. İslam İnqilabının Ali Rəhbəri texniki və peşə təhsil mərkəzlərinin genişləndirilməsini zəruri hesab edərək, bu qurumların gənclərin əmək bazarına daha tez daxil olmasına və işsizliyin qarşısının alınmasına yardım etdiyini bildirdi O, daha sonra Təhsil Nazirliyində diqqət yetirilməsi vacib olan digər mühüm məsələlərə toxundu: Təhsil sistemində ədalət məsələsi, ölkə rəsmilərinin çıxışlarında tez-tez vurğulanan mühüm bir mövzudur və hər zaman diqqət mərkəzində olmalıdır. Lakin o əlavə etdi ki, təhsil ədaləti heç də istedadlı şagirdlərin unudulması demək deyil əksinə, istedadlı gənclərin məsələn, istedadlı şagirdlər üçün nəzərdə tutulmuş SƏMPAD (İstedadlı şagirdlər üçün məktəblər) məktəblərində oxuyanların daha böyük sıçrayışlara nail olması üçün dəstək verilməsi, təhsildə ədalətin özüdür.

 Həzrət Ayətullah Xamenei çıxışının sonuncu təhsil mövzusuna keçərək əvvəllər bəzi yanlış əsaslandırmalarla ləğv edilən "Tərbiyəvi işlər üzrə müavinlik" institutunun aradan qaldırılmasının bir xəta olduğunu qeyd etdi və əlavə etdi: Sevindirici haldır ki, hazırda bu sahəyə xüsusi diqqət göstərilir və bu istiqamətdə görülən işlər ən yüksək səviyyədə və keyfiyyətdə davam etdirilməlidir.

Çıxışının yekununda isə o, ABŞ prezidentinin regiona son səfərində səsləndirdiyi bəzi fikirlərə toxunaraq bildirdi: ABŞ prezidentinin bu səfərdə söylədiyi bəzi sözlər o qədər səviyyəsiz və rüsvayedicidir ki, nə onun, nə də ABŞ xalqının adına cavab verməyə belə dəyməz. Ali Rəhbər Trampın "gücdən sülh üçün istifadə etmək" iddiasını yalan adlandıraraq dedi: ABŞ və onun tabeliyində olan hökumətlər nə vaxt gücdən sülh üçün istifadə edib? Onlar gücdən yalnız Qəzzada soyqırım törətmək, harada bacarsalar müharibə çıxarmaq və öz muzdurlarını dəstəkləmək üçün istifadə ediblər.

Həzrət Ayətullah Xamenei gücdən sülh və təhlükəsizlik üçün istifadə etməyin mümkün olduğunu bildirərək dedi: Məhz bu prinsiplə, İslam Respublikası düşmənlərin gözünü kor edərək hər gün öz gücünü və ölkənin qüdrətini artıracaq. Amma ABŞ gücdən istifadə edərək sionist rejimə 10 tonluq bombalar verib ki, bu bombalar Qəzzada uşaqların başına, xəstəxanalara, evlərə və Livanda və başqa hər hansı bir yerdə insanların üzərinə atılsın. O ABŞ prezidentinin daha əvvəl söylədiyi "bu bölgədəki ölkələr ABŞ-sız 10 gün belə yaşaya bilməz" fikrinə işarə edərək qeyd etdi: O hazırkı siyasi və iqtisadi təkliflərində də məhz bu modeli bu ölkələrə sırımağa çalışır. Halbuki bu model tamamilə iflasa uğrayıb və bölgə xalqlarının əzmi ilə ABŞ bu bölgədən getməlidir və mütləq gedəcək.

İslam İnqilabının Ali Rəhbəri sionist rejimi bölgədə fitnə, müharibə və qarşıdurmanın əsas səbəbi kimi təqdim edərək vurğuladı: Bu xərçəng şişi, bu təhlükəli və ölümcül rejim bu bölgədən mütləq çıxarılmalıdır və çıxarılacaq.

 Həzrət Ayətullah Xamenei İslam Respublikasının prinsiplərini və dəyərlər sistemini ölkənin bu çətin və mürəkkəb bölgədəki hərəkət istiqamətinin təməli kimi aydın və müəyyən prinsiplər adlandırdı və əlavə etdi: Bugünkü İran keçmişlə müqayisə olunmaz dərəcədə fərqlidir. Allahın lütfü və izni ilə, düşmənlərin gözünü kor edərək və onların iradəsinə zidd olaraq əziz İran böyük nailiyyətlər əldə edib və bundan sonra da gənclərimiz birgə əməkdaşlıqla ölkəmizin bu nailiyyətlərini dəfələrlə artıracaqlar.

Görüşün əvvəlində təhsil naziri Əlirza Kazimi çıxış edərək, bu qurumun əsas inkişaf strategiyaları və əsas prioritetləri haqqında hesabat verdi. Onun çıxışında vurğulanan əsas məqamlar aşağıdakılar idi:
Təhsil Nazirliyinin islahat proqramlarının həyata keçirilməsində prezident tərəfindən xüsusi dəstək alması və təhsil sahəsində ayrı-seçkiliyin azaldılması;
Dərs proqramlarının yenidən tərtib olunması, bacarıq yönümlü təlimin artırılması və cəmiyyətin cari ehtiyaclarına uyğunlaşdırılması;Dövlət məktəblərinin keyfiyyətinin artırılmasına fokuslanma; Müəllim hazırlığı mərkəzlərində elmi və infrastruktur standartlarının yaxşılaşdırılması;
85 min yeni müəllim və təhsil işçisi üçün işə qəbul icazəsinin alınması; Az imkanlı bölgələrdə istedadlı şagirdlər üçün nəzərdə tutulmuş SƏMPAD (İstedadlı şagirdlər üçün məktəblər) məktəblərinin yayılmasının artırılması; Məktəblərin sosial zərərlərin qarşısının alınmasında əsas rol oynayan mərkəzlər kimi rolunun gücləndirilməsi, cənab Əlireza Kaziminin bu görüşdəki məruzəsinin mövzuları arasında idi.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha